“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır. Bu barədə QSC-nin məlumatında deyilir.
Bu istiqamətdə aviabiletlərin bronlaşdırılması və satışına artıq başlanılıb.
Uçuşlar "Airbus A320" təyyarəsi ilə hər gün həyata keçiriləcək
Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş olunması nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının 2 saylı terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da məşhur Vnukovo hava limanına çatacaq. Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.
AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.
AZAL MDB məkanında aviasiya birliyinin liderlərindən biri, iri aviadaşıyıcıdır. Şirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 məntəqədən ibarətdir. 2014-cü ildə AZAL 1,8 mln.-dan çox sərnişin daşıyıb. Şirkətin təyyarə parkında 25 hava gəmisi var. Mənzil-qərargahı Bakıda yerləşir.
N. Abbasova