Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri BP şirkətinin müsabiqəsində qalib olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbdən məlumat verilib.
Belə ki, BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan 2 tələbəsi - Fidan Səlimzadə və Riyad Muradov, o cümlədən “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi İnsafəli Səmədov iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olublar.
Tələbələr BP-nin yay təcrübə proqramına qoşularaq şirkətin keçirdiyi “Texno Fest” adlı müsabiqədə qalib olublar. F.Səlimzadə I yeri, R.Muradov III yeri qazanıblar. Yay təcrübəsində olarkən onlar öz layihələri ilə çıxış ediblər. Layihələrin qiymətləndirilməsində əsas meyarlar texniki üstünlük, təhlükəsizlik, əməliyyat riskləri və biznesin təsiri olub.
BP şirkətinin hər il həyata keçirdiyi “Texno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Texno Fest”yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.
A.Zeydullayeva