SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin sonuna kimi 1 min yeni əməkdaşı işə götürməyi planlaşdırır. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çərşənbə günü mətbuat konfransında məlumat verib.
Vitse-prezident vurğulayıb ki, son illər ərzində Azərbaycanda genişmiqyaslı tikinti-quraşdırma işləri sayəsində qazlaşdırma səviyyəsi yüksəlib. Regionlarda “Azəriqaz” İB-nin abonentlərinin sayı 2,5 dəfə artıb. Lakin qaz istismarı sahəsində çalışan şəxslərin sayı əvvəlki səviyyədə qalıb.
“Qazlaşdırma prosesi indi də davam edir, qazlaşdırma səviyyəsi atrır. Bununla əlaqədar “Azəriqaz”da 1 min nəfər işçi qüvvəsinə tələbat yaranıb. Yeni qaz xətlərinin və quraşdırılan avadanlığın isifadəsi üzrə işlərin həyata keçirilməsi, yararsız hala düşən qaz xətlərinin yenilənməsi və fərdi evlərdə qaz sayğaclarının quraşdırılması üçün işçilər lazımdır. Bununla bağlı İB "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi üzrə müsabiqə elan edib”, - deyə X.Məmmədov vurğulayıb.
O qeyd edib ki, SOCAR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğunun təmin olunmasına şərait yaradır.
“Yeni əməkdaşlar yalnız regionlardan cəlb olunacaq (Bakı, Sumqayıt və Abşeron sakinlərindən başqa). “Azəriqaz”da açılan vakansiyalar haqqında məlumatlar artıq ƏƏSMN-in Məşğulluq mərkəzlərinin məlumat bazasında yerləşdirilib. Həmin mərkəzlərdə işsiz qismində qeydiyyata alınan şəxslər işə cəlb ediləcəklər”, - deyə vitse-prezident vurğulayıb.
O əlavə edib ki, “Azəriqaz”da çalışmaq istəyən şəxslərdən sənəd qəbulu elektron qaydada və ya Dövlət Məşğulluq Xidməti vasitəsilə həyata keçiriləcək. Müsabiqədə 30 yaşı olmayan minimum tam orta təhsilli şəxslər iştirak edə bilərlər.
“Bütün iddiaçıların bilik səviyyəsi 28 sentyabr 2015-ci ildə start götürəcək test üsulu ilə yoxlanılacaq. Testdən müvəffəqiyyətlə keçmiş namizədlər üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi təlim kursu keçiriləcək. Təlim iştirakçıları kursun sonunda buraxılış imtahanı verəcəklər və ən yüksək nəticə göstərmiş 1 min nəfər seçiləcək”, - deyə X.Məmmədov bildirib.
Onun sözlərinə görə, seçilən 1 min nəfərin 410 nəfəri mövcud vakansiyalar üzrə dərhal işə qəbul ediləcək. Daha 560 nəfər 1 il müddətində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək.
N.Abbasova