Azərbaycanın siyasi və iqtisadi inkişaf modeli Əfqanıstan üçün maraqlı nümunədir. Bunu Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı söyləyib.
Görüş zamanı tərəflər Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirilib və iki ölkə arasında nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu bildirilib.
S.Rəbbani ölkəsinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməlqoyma mərasiminin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barədə məlumat verərək, davamlı regional inkişaf baxımından nəqliyyat infrastrukturlarının əhəmiyyətini qeyd edib.
Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini və regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırıb. Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini və gələcək perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini qeyd edib.
R. Babayev