Prezident Serj Sarqsyanın Dağlıq Qarabağın Ermənistana mənsub olması barədə bəyanatı Azərbaycan diplomatiyasına çox böyük kömək edib və Ermənistan diplomatiyasının mövqelərinə zərbə endirib. Bunu Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov söyləyib.
“Ermənistan prezidenti Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi adlandırmaqla Azərbaycan diplomatiyasına çox böyük kömək edib, Ermənistan diplomatiyasına isə güclü zərbə endirib”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
V.Əlibəyov qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bəyan edib ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilmək məqsədi ilə bu ölkə tərəfindən işğal edilib. “İlk vaxtlar məhz belə idi - biz hamımız “Miatsum” - “Birləşmə” şüarını çox gözəl xatırlayırıq. Məhz bu şüar altında 1988-ci ildə Qarabağ əhalisi öz yolundakı hər şeyi məhv etdi, dinc azərbaycanlıları qətlə yetirdi. Lakin çox tezliklə Ermənistan tərəfi anladı ki, (daha doğrusu onu kənardan başa saldılar. Onlar beynəlxalq münasibətlərin bütün incəliklərini başa düşmək qabiliyyətinə malik deyillər - S.Sarqsyanın bəyanatı buna əyani nümunədir) bəşəriyyətin indiki inkişaf mərhələsində digər dövlətin ərazisinin ilhaqı və öz ərazisinə birləşdirilməsi beynəlxalq hüquq tərəfindən qətiyyən dəstəklənmir, “onlar əhalinin öz müqəddəratını təyin etmək oyununu başlatdılar və bu məqsədlə oyuncaq “Dağlıq Qarabağ Respublikası”nı yaratdılar”, - deyə V.Əlibəyov qeyd edib.
“Hansı ilhaq, Qarabağ əhalisi öz müqəddəratı uğrunda mübarizə aparır!” kimi bəyanatlar verən Ermənistanın xaricdəki dostları üçün bu ölkəni müdafiə etmək və Azərbaycana təzyiq göstərmək daha da asanlaşdı. Cənab Sarqsyanın etiraf bəyanatı bütün dünyaya göstərdi ki, Azərbaycan əraziləri Ermənistana birləşdirilmək məqsədi ilə işğal edilib”,- deyə politoloq qeyd edib.
Xəbər verildiyi kimi, bu günlərdə S.Sarqsyan bəyan edib ki, “Ermənistan – mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam – dünyanın ən hərbiləşmiş ərazilərindən biridir”.
F.Hüseynzadə