Niderland Azərbaycanla əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Niderland Krallığının xarici işlər naziri Bert Koenders BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, B.Koenders 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini qeyd edib.
Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meylləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov artan İslamofobiya və ksenofobiya meyllərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək, Azərbaycanın təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.
R.Babayev