Bakı Metropoliteni” QSC 2015-ci il oktyabrın 1-dən metroda gediş haqqının “BakıKart” vasitəsi ilə ödənişinə keçəcək. Bu barədə QSC-nin məlumatında deyilir.
“Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq bütün stansiyalarda kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq”, - deyə məlumatda bildirilir.
“BakıKart”ın satışı və gediş haqqının yüklənməsi “Bakı Metropoliteni”nin bütün stansiyalarında, "Baku Bus" MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılan terminallar vasitəsi ilə həyata keçirilir.
“BakıKart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə müraciət etmək mümkündür.
Xəbər verildiyi kimi, avqustun 8-dən etibarən “Bakı Metropoliteni” QSC vahid ödəniş kartı olan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarının tətbiqinə başlayıb.
"BakıKart" plastik kartının dəyəri 2 manat təşkil edir.
"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti də 0,2 manat təşkil edəcək.
“Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ karta yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür.
Hazırda bu kartlardan həm metro, həm də “BakıBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə olunur.
N. Abbasova