Azərbaycan kinematoqrafçılarının "Nabat" bədii filmi Qazaxıstanda keçirilən film festivalının növbəti mükafatlarına layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, film 19-25 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak edib, "Ən yaxşı rejissor işi" və "Ən yaxşı aktrisa" (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.
"Nabat" bədii filmi Qarabağ müharibəsi zamanı baş vermiş dramatik hadisələrə həsr olunub və bir çox nüfuzlu beynəlxalq film festivallarında mükafatlara layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov çəkiliblər.
A.Zeydullayeva