Serbiya Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic bazar ertəsi Bakıda prezident İlham Əliyevlə görüş zamanı bəyan edib.
Dövlət başçısının saytında məlumat verildiyi kimi, R.Ljajic bildirib ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığı inkişaf etdirmək və ölkələrimizin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.
O, Serbiya ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğulayıb.
Prezident İ.Əliyev Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirib. Dövlət başçısının sözlərinə görə, Bakıda keçirilən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası səmərəli olacaq və gələcək əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacaq.
İ.Əliyev bu gün Türkmənistanın baş nazirinin müavini Baymurad Xocamuhammedovu da qəbul edib. Dövlət başçısı B.Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Y.Əliyev