Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias Azərbaycan və Yunanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahədə geniş imkanların mövcudluğunu qeyd edib.
Azərbaycan XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
E.Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan XİN başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti barədə də məlumat verib.
Daha sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev