Tbilisi Bakı üçün əhəmiyyətli olan bütün məsələlərdə daim dəstək göstərməyə hazırdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyası çərçivəsində Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşü zamanı bəyan edib.
Tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd ediblər.
Görüşdə dost və qonşu dövlət kimi Azərbaycanla Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirilib.Birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlıq üçün əhəmiyyəti vurğulanıb. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminlik ifadə edilib.
E.Məmmədyarov gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edib. G.Kvirikaşvilli dəvəti qəbul edib.
Azərbaycan XİN başçısı gürcüstanlı həmkarını Qarabağ münaqişəsi zonasında son hadisələr barədə məlumatlandırıb.
Y.Əliyev