Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir. Azərbaycan Xarixi İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Sülhməramlılar Sammitində çıxışı zamanı bəyan edib.
“Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verib.
O əlavə edib ki, hazırda Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qəti dəstək” əməliyyatında iştirak edir.
“Biz, Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik”,- deyə XİN başçısı vurğulayıb.
R. Babayev