2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 284 mln. 796,77 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib
Hesabat dövrü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $14 mlrd. 82 mln. 176,75 min (azalma 32,83%) təşkil edib.
Bununla yanaşı, ixracın həcmi $8 mlrd. 183 mln. 486,76 min, idxalın həcmi $5 mlrd. 898 mln. 689,99 min təşkil edib. 2014-cü ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 46,69% azalıb, idxalın həcmi isə 5,09% artıb.
İxracın strukturunda 78,14% neftin, 6,53% neft məhsullarının, 1,95% təbii qazın, 1,75% meyvə-tərəvəz məhsullarının, 0,13% çayın, 1,24% bitki və heyvan mənşəli yağların, 1,86% qəndin, 0,2% spirtli və spirtsiz məhsulların, 0,86% kimya məhsullarının, 0,9% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,11% işlənməmiş gön (təbii xəzdən başqa) və dərinin, 0,24% qara metal və ondan hazırlanan məmulatların, 0,72% alüminium və ondan hazırlanan məmulatların, 5,37% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,13% ərzaq məhsullarının, 3,49% tütün və tütün məhsullarının, 0,38% sementin, 1,42% neft məhsullarının, 3,14% əczaçılıq məhsullarının, 2,39% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,78% odun və agac məhsullarının, 17,05% qara metal və ondan hazırlanan məmulatların, 22,56% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 17,41% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,23% mebelin, 17,02% digər məhsulların payına düşüb.
2015-ci ilin yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 3,075 min özəl və dövlət müəssisəsi və 2,536 min fiziki şəxs iştirak edib.
Həmin dövrdə Azərbaycan dünyanın 144 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 20,06%-i), Almaniya (12,14%), Fransa (6,74%) və İsrail (6,55%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,58%), Türkiyə (12,58%), ABŞ (10,89%), Almaniya (8,1%) və Yaponiya (6,24%) ilə həyata keçirib.
N.Abbasova