Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etməkdə ittiham olunan iki Azərbaycan vətəndaşının məhkəmə işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Telman Bəkirov (1988-ci il təvəllüdlü) və Mübariz Tahirova (1990-cı il təvəllüdlü) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Sözügedən şəxslər bu ilin aprel ayında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində saxlanılan yeddi nəfərin arasında olub. Əməliyyat zamanı Aydın Qaragözov, Hafiz Ramizzadə, Telman Bəkirov, Mübariz Tahirov, Cavid Qasımov, Fəzail Vəlizadə və Tural Məmmədov saxlanılmışdı.
Müəyyən edilib ki, H.Ramizzadə və A.Qaragözov 2007-2013-cü illərdə Pakistanın Vəziristan vilayətində «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin fəaliyyətində iştirak ediblər. Təqsirləndirilən digər şəxslər – T.Bəkirov, M.Tahirov, C.Qasımov, F.Vəlizadə və T.Məmmədov 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terror təşkilatının fəaliyyətində iştirak ediblər.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə heyəti elan edilib.
Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin olunub.
C.Həmidov