AZƏRBAYCAN Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrinin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması barədə separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadən yaydığı məlumatı təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən qeyd edilib ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.
“Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur. Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib”,- deyə nazirliyin bəyanatında qeyd edilir.
Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi” Qarabağ münaqişəsi zonasında atışma zamanı 6 azərbaycanlı hərbi qulluqçunun öldürülməsi barədə məlumat yayıb.
R.Babayev