Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutu tarixçi, institutun əməkdaşı Rizvan Hüseynovun müəllifi olduğu “Azərbaycan və Qafqazda erməni məsələsi” adlı monoqrafiya çap edib.
İnstitutdan verilən məlumata görə, monoqrafiya 7 illik araşdırmaların və çoxsaylı xarici mənbələrin öyrənilməsinin nəticəsidir. “Müxtəlif ölkələrin mənbələri və qədim əlyazmaları əsasında aparılan araşdırma erməni təbliğatının postulatlarını tamamilə təkzib etməyə və saxtakarlıqları ifşa etməyə imkan verir. Cənubi Qafqazda Azərbaycanın və onun dövlət qurumlarının mövcud olmaması, “Azərbaycan” termininin isə regionun xəritəsində cəmi 100 il öncə meydana gəlməsinə dair erməni təbliğatının iddiaları müfəssəl şəkildə ifşa olunur”, - deyə məlumatda bildirilir.
Monoqrafiyada Azərbaycanın Cənubi Qafqazdakı ərazisini təsvir edən 300-ə yaxın qədim, orta əsr və daha sonrakı dövlərə aid mənbələr öz əksini tapıb. Xüsusilə qədim Suriya, fars, antik, Gürcüstan, Ermənistan, ərəb-müsəlman, Osmanlı, Rusiya, Avropa, Amerika mənbələri, xəritələri və arxiv sənədlərindən istifadə olunub. Həmçinin kitabda Azərbaycan ərazisində qədim dövlət olan Qafqaz Albaniyasının ermənilər tərəfindən saxtalaşdırılmış tarixini təkzib etməyə imkan verən az məlum olan materiallar toplanıb. Orada məskunlaşan xalqların, alban kilsəsinin, zəngin mənəvi və memarlıq irsinin erməniləşdirilməsi prosesi və acınacaqlı taleyi təsvir olunub.
“Monoqrafiyada erməni təbliğatının əsas fərziyyələri əks etdirilib və onlar elmi nöqteyi-nəzərindən əsaslandırılıb. Monoqrafiyada verilmiş qədim, orta əsrlər mənbələri, arxiv sənədləri və müxtəlif dövrlərə aid diplomatik yazışmalar erməni saxtakarlıqlarına cavabdır. Kitab qısa tematik bəndlərdən ibarətdir ki, bu da internet məkanında və Ermənistan tərəfi ilə diskussiyalar zamanı ondan uğurla istifadə etməyə imkan verir”, - deyə məlumatda qeyd olunur.
R.Hüseynovun elmi rəhbəri İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayevadır.
F.Hüseynzadə