Ötən il Moskva sakini Yeqor Şerbakovun “rezonanslı” qətlinə görə Rusiya Federasiyasında 17 il həbs cəzasına məhkum edilmiş azərbaycanlı Orxan Zeynalovun Azərbaycana təhvil verilməsi məsələsinə baxılmır. Səbəb məhbus və onun nümayəndələri tərəfindən müvafiq müraciətlərin olmamasıdır. Bu barədə Rusiya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İndiyədək Rusiya Ədliyyə Nazirliyinə O.Zeynalovun Azərbaycana təhvil verilməsinə dair vəsatət daxil olmayıb. Bununla əlaqədar nazirlik tərəfindən bu məsələyə baxılmır”, - deyə “İnterfaks” agentliyindən mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilib.
Bununla yanaşı, nazirlikdən qeyd ediblər ki, “O.Zeynalovun cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi üçün təhvil verilməsi ilə bağlı səlahiyyətli şəxslər tərəfindən vəsatət daxil olacağı təqdirdə bu məsələyə RF Konvensiyası (azadlıqdan məhrum edilmiş şəxslərin ekstradisiyası) və Cinayət-Prosessual Məcəllənin müddəalarına əsasən Rusiya Ədliyyə Nazirliyində baxılacaq”.
Qeyd edək ki, ötən bazar ertəsi bir sıra Azərbaycan KİV-i O.Zeynalovun atasına istinadən məlumat yayıb ki, onun oğlunun Azərbaycana ekstradisiyası üçün sənədlər hazırlanır.