Rusiya Federasiyası və Azərbaycan arasında mal dövriyyəsi son 5 il ərzində 2 dəfədən çox artıb. Bu barədə RF-nin iqtisadi inkişaf nazirinin müaviniAleksandr Sıbulski çərşənbə günü Yekaterinburq şəhərində öz işinə başlamış VI Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı bildirib.
“2014-cü ilin yekunları üzrə RF və Azərbaycan arasında mal dövriyyəsi $4 mlrd.-ı ötüb və tarixi maksimuma çatıb. Qarşılıqlı ticarət göstəricilərinin dinamikası ötən il dünyadakı obyektiv çətinliklərə baxmayaraq, MDB ölkələri arasındakı ən yaxşı dinamika olub. Son 5 ildə ölkələrimiz arasında mal dövriyyəsi 2 dəfədən çox artıb. Bu il biz tempi hamıya məlum olan səbəblərə görə bir qədər azaltmışıq”,- deyə nazir müavini qeyd edib.
O söyləyib ki, cari ilin I yarısında RF və Azərbaycan arasında mal dövriyyəsi $1,7 mlrd. təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 20% azdır.
“Eyni zamanda qeyd etmək lazımdır ki, əgər mal tədarükünün fiziki həcmlərini götürsək, heç bir azalma baş verməyib. Əksinə, biz fiziki tədarükün həcmində 50% artım müşahidə edirik”,- deyə o vurğulayıb.
A.Sıbulski əlavə edib ki, Azərbaycan və RF arasında ticarət xüsusi diversifikasiyası ilə fərqlənir. Yanacaq-energetika kompleksinə aid olmayan malların tədarükü əhəmiyyətli paya malikdir.
A.Əzizov