Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan və Rusiya sərhədçilərinin birgə təlimləri başa çatıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin və helikopterlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olunmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimi keçirilib. Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, praktiki atışların aparılması kimi elementlər icra edilib.
Məlumatda deyilir ki, keçirilmiş təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, sərhədçilər tərəfindən yüksək döyüş hazırlığı və peşəkarlıq göstərilib, müxtəlif şəraitdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı nümayiş etdirilib.
Səfər zamanı Rusiya nümayəndə heyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin Aparatında və Akademiyasında, “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, tərəflər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Y.Əliyev