Milli Məclisin deputatı Zahid Oruc Qarabağ münaqişəsi zonasında baş verən hadisələrlə bağlı mətbuatda doğru olmayan informasiyanın yayılmasının qarşısını almaq məqsədi ilə “ KİV-lər haqqında” qanuna düzəlişlərin edilməsinə tərəfdardır.
“KİV-lər haqqında” qanuna düzəlişlər edilməlidir. Birinci növbədə KİV-lərdən Müdafiə Nazirliyinin rəsmi məlumatlarını dərc etmək tələb edilməlidir. Bu, KİV orqanlarının cəbhə zonası ilə bağlı doğru olmayan məlumatlar yaymasının qarşısını almaq üçün lazımdır”,- deyə Z.Oruc Milli Məclisin payız sessiyasının çərşənbə günü keçirilən ilk iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vaxtilə bəzi KİV orqanlarının Qarabağ münaqişəsi zonasındakı hadisələri işıqlandırarkən qeyri -peşəkar yanaşmaları dəfələrlə qeyd edilib.
“Bununla əlaqədar olaraq dövlət sənəd qəbul etdi, sənəddə KİV-lərin münaqişəsi zonasındakı hadisələri işıqlandırarkən məsuliyyət daşıdığı bildirilirdi. Lakin problemlər bu günə qədər qalmaqdadır. Hamı bilir ki, son zamanlar cəbhə xəttində gərginlik müşahidə olunur. Və bir sıra KİV-lər öz mənbələrinə əsaslanaraq ön cəbhəyə dair məlumatlar yayırlar. Çox vaxt bu informasiya həqiqətə uyğun gəlmir, buna görə də belə olan hallarda Müdafiə Nazirliyinin rəsmi məlumatına əsaslanmaq lazımdır”,- deyə deputat vurğulayıb.
R. Babayev