Avropa İttifaqının bəzi dairələrinin Azərbaycanla bağlı qərəzli mövqeyi yolverilməzdir. Dövlət başçısının saytında verilən məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüş zamanı bəyan edib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan İ.Əliyev bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. O qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb.
Təmas xəttində baş verən hadisələrə toxunan prezident Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.
H.Salber Bakıya səfərinin Aİ ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.
Görüşdə Azərbaycanla Aİ arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, həmçinin digər məsələlər müzakirə olunub.
Y.Əliyev