Rusiyanın Sverdlovsk vilayətində Azərbaycandan gətirilən tərəvəz məhsulları üçün logistika mərkəzi yaradılacaq. Bu barədə regionun rəhbəri Yevgeni Kuyvaşev Yekaterinburqda keçirilən Rusiya-Azərbaycan forumunda çıxışı zamanı bildirib.
“Hazırda layihənin həyata keçirilməsi üçün yer axtarılır. Biz hələ ki, tərəfdaşlarımıza 3-4 meydança təklif etmişik”,- deyə o, rusiyalı jurnalistlərə məlumat verib.
Y.Kuyvaşevin sözlərinə görə, hazırda Sverdlovsk vilayəti layihənin həyata keçirilməsi üçün rusiyalı tərəfdaşlar axtarır. “Ümumilikdə biz dərhal tikinti, mühəndislik işlərinə hazırlıq prosesinə keçməyə hazırıq”,- deyə Y.Kuyvaşev bildirib.
Layihə işlənərkən Stavropol diyarının belə qurğuların inşası sahəsindəki təcrübəsi öyrənilib, eləcə də regionun meyvə-tərəvəz məhsullarına tələbatı barədə məlumat hazırlanıb.
Y.Kuyvaşev həmçinin deyib ki, Orta Ural Azərbaycana maşınqayırma, neft-qaz və əczaçılıq sahələrində əməkdaşlıq təklif etməyə hazırdır.
“Regionun istehsalat müəssisələri maşınqayırma kompleksi, tibb və əczaçılıq, neft-qaz və neft-kimya sahələri üzrə Azərbaycana mal tədarük etməyə hazırdırlar”,- deyə regionun rəhbəri qeyd edib.
Xüsusilə “Ural lokomotivləri” müəssisəsi tərəfdaşlarına qatar və dəmir yolu lokomotivləri tədarük edə bilər, Ural Vaqon Zavodu isə dəmiryol vaqonları və çənlərinin tədarük həcmini genişləndirməkdə maraqlıdır.
A.Axundov