Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə önəm verir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naserlə görüşü zamanı bəyan edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov Azərbaycanın Sivilizasiyalar Alyansı Dostlar Qrupunun üzvü kimi Alyansın məqsədlərinin həyata keçirilməsi üçün bir sıra təşəbbüsləri uğurlu həyata keçirdiyini diqqətə çatdırıb.
Öz növbəsində N.Nasser Azərbaycanın mədəniyyətlərarası dialoq və anlaşmaya verdiyi töhfələri yüksək qiymətləndirərək Bakının 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansı yeddinci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün təşəkkürünü bildirib. O, bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Y.Əliyev