Avropa İttifaqının Azərbaycanla bağlı qətnamə qəbul etmək hüququ yoxdur. Bu barədə jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.
“Aİ-nin Azərbaycan barəsində qətnamə qəbul etmək üçün heç bir hüququ yoxdur. Çünki Azərbaycan Respublikasının bu qurum qarşısında heç bir öhdəliyi yoxdur”, - deyə Z.Qaralov Avropa Parlamentinin jurnalist Rasim Əliyevin qətli faktına da yer ayırdığı sənədi şərh edərkən vurğulayıb.
“Bu cinayət işinin siyasiləşdirilməsi yolverilməzdir. Bir çox ölkələrdə jurnalistlər qətlə yetirilir. Sözsüz ki, biz bu cür cinayətləri pisləyirik”, - deyə o əlavə edib.
Z.Qaralov Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına istinad edərək qeyd edib ki, ötən il ərzində dünyada 61, bu ilin 9 ayı ərzində isə 41 jurnalist qətlə yetirilib.
“Belə çıxır ki, hər ölkədə qətlə yetirilən jurnalistlə bağlı Avropa Parlamenti bəyanat verməlidir? Qurumun Azərbaycanda jurnalistin ölümü ilə bağlı bəyanatı qərəzlidir. Azərbaycanda hər bir cinayət hadisəsi hüquqi şəkildə qiymət alır. Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz, o cümlədən Avropa Parlamenti. Azərbaycanda məhkəmə sistemi müstəqildir”, - deyə baş prokuror bildirib.
F.İsazadə