Sankt-Peterburq Azərbaycanla iqtisadi, ticarət, gəmiqayırma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
G.Poltavçenko Sankt-Peterburq və doğulduğu və onun üçün doğma olan Bakının son illər ərzində çox sürətlə inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb.
Qubernator bu əməkdaşlığın ənənəvi olaraq həmişə səmimi münasibətlərə əsaslandığını qeyd edib.
İ.Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Prezident G.Poltavçenkonun Bakıya səfərinin Sankt-Peterburq şəhəri ilə gələcək əməkdaşlığın möhkəmləndirilməsi və bütövlükdə ikitərəfli münasibətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Dövlət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edərək, regional əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğunu deyib.
İ.Əliyev həmçinin Yekaterinburq şəhərində keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunun iqtisadi layihələrin həyata keçirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
Dövlət başçısı gələcəkdə Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
R.Babayev