Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko Bakıda yaşayan Leninqrad blokadası iştirakçıları ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Biz hamımız Leninqrad rəşadətinin əhəmiyyətini anlayırıq”,- deyə RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Azərbaycanda yaşayan blokadaçı qadınların taleyi barəsində danışan diplomat qeyd edib ki, onlar taleyin hökmü ilə azərbaycanlı kişilərlə evlənərək Bakıya yaşamağa gəliblər.
“Bu insanlar Bakıda blokadaçılar cəmiyyəti yaradıblar ki, bu cəmiyyət Azərbaycan- Rusiya münasibətlərinin inkişafına kömək edir və blokada günlərinin xatirəsini yad etməyə xidmət göstərir”,- deyə V.Doroxin qeyd edib.
Öz növbəsində G.Poltavçenko qeyd edib ki, Sankt-Peterburq rəhbərliyi hər zaman Rusiyanın hüdudlarından kənarda və ölkədə yaşayan blokadaçıların taleyi ilə maraqlanır.
“Harada olursaq olaq, blokadaçılarla görüşməyə və onlara doğma şəhərdən salam çatdırmağa çalışırıq. Bu görüş Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə təsadüf etdiyi üçün çox əlamətdardır. Biz blokadaçıların xatirəsini yad edirik və onların xatirəsini əks etdirən məkanları səliqəli şəkildə qoruyuruq. Çox yaxşı haldır ki, Sankt-Peterburqdakı Azərbaycan Həmyerlilər Cəmiyyəti bizə kömək edir”,- deyə G.Poltavçenko qeyd edib. O bildirib ki, Azərbaycan Həmyerlilər Cəmiyyəti iki il əvvəl Piskaryovsk məzarlığı yaxınlığında blokadaçı uşaqların abidəsinin tikintisini maliyyələşdirib.
Onun sözlərinə görə, hazırda Sankt-Peterburqda 380 min azərbaycanlı yaşayır ki, bu da şəhər əhalisinin 7%-ni təşkil edir.
Bakıda yaşayan blokadaçı İrina Qədirova qeyd edib ki, Blokadaçılar Cəmiyyəti rəsmi şəkildə 2005-ci ildə qeydiyyatdan keçib. O zaman bu cəmiyyətin 50 üzvü var idi. Onların bəziləri Leninqrad döyüşlərinin iştirakçıları idi.
“Hazırda cəmiyyətin 9 üzvü qalıb. Nə qədər ki, biz həyatdayıq, o dövrün dəhşətlərini insanlara, xüsusən gənclərə çatdırmalıyıq. Tanrı bizi qorudu. Biz sağıq və gözəl Azərbaycanda yaşayırıq”,- deyə İ. Qədimova söyləyib.