Dövlətlər öz ərazilərində xarici hərbi bazalar yerləşdirmək üçün suveren hüquqa malikdir. Lakin bu, hər zaman vəziyyətin sabitləşməsinə kömək etmir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Hər şeyin bir-birindən asılı olduğu müasir dünyamızda bu və ya digər regionda vəziyyətin gərgin olduğu hallarda əlbəttə ki, xarici bazaların mövcudluğu heç də stabilliyə kömək etmir”, - deyə nazir hazırda Venesuelanın hərbi bazaların, o cümlədən də Amerikanın hərbi bazasının əhatəsində olması fikrini Venesuela dövlət televiziyasına müsahibəsində şərh edib.
Bununla belə, rusiyalı nazir qeyd edib ki, “hər bir dövlət suverendir və öz ərazisində xarici dövlətin bazalarını yerləşdirmək qərarını verib-verməmək hüququna malikdir”. “Təkrar edirəm ki, bu, hər bir ölkənin suveren hüququdur”, - deyə S.Lavrov vurğulayıb.
O qeyd edib ki, “biz bunu (stabilliyin olmamasını - İF) Avropada müşahidə edirik”, “Avropa Amerika bazaları ilə “əhatə olunub”, Yaxın Şərqdə də eyni hadisələr baş verir”.
“Həmin bazalar heç də həmişə sülhə xidmət etmir”, - deyə rusiyalı XİN başçısı izah edib.