“Azəryolservis” ASC Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bir hissəsi olan Aran-Qaraqaçı avtomobil yolunun yenidən qurulması üçün podratçı seçimi üzrə ilkin seçim mərhələsi elan edib.
Tender elanına əsasən, podratçının vəzifələrinə zəruri torpaq işlərinin aparılması hesabına mövcud ikizolaqlı avtomobil yolunun bərpası, drenaj sistemlərinin tikintisi, yol avadanlığı və yol nişanlarının quraşdırılması daxildir. İşlər çərçivəsində yeni yol qovşağının tikintisi də planlaşdırılır.
İşlər 2016-cı ilin aprel ayında başlamalı və 24 ay ərzində başa çatmalıdır.
İlkin seçim mərhələsi və tenderdə istənilən ölkədən şirkətlər və ya birgə müəssisələr iştirak edə bilərlər.
İlkin seçimdə iştirak etmək istəyən şirkətlər 16 noyabr 2015-ci il tarixinədək ərizələrini təqdim etməlidir. İştirak haqqı 100 manat təşkil edir.
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun uzunluğu 156 km təşkil edir. Tikinti işləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) krediti hesabına maliyyələşdirilir.
Xəbər verildiyi kimi, AYİB Direktorlar Şurası respublikada avtomobil yollarının yaxşılaşdırılması üzrə layihələrin maliyyələşdirilməsi üçün Azərbaycana hər tranş $250 mln. olmaqla $750 mln. məbləğində vəsaitin ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri $900 mln.-dur. Qalan $150 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
2011-ci ilin dekabr ayında Azərbaycan hökuməti və AYİB $250 mln. məbləğində ilk tranşın ayrılmasına dair saziş imzalayıblar. İlk tranş vəsaitləri Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək.
N.Abbasova