Milli Məclisə seçkilərdə iştirak üçün qeydiyyata alınan namizədlərin sayı 800-ə yaxınlaşır. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda seminarda bəyan edib.
“Seçkilərdə iştirak etmək üçün 1700-dən artıq şəxs namizədliklərinin qeydə alınmasına dair ərizə təqdim edib. MSK 700-dən artıq şəxsin namizədliyini qeydiyyata alıb, namizədlərin sayı 800-ə yaxınlaşır”, - deyə M.Pənahov qeyd edib.
Onun sözlərinə görə, oktyabrın 2-də saat 18:00-da namizədlərin qeydiyyatı üçün ərizələrin verilməsi müddəti bitir.
“Bu gün axşam namizədliyin qeydiyyata alınması üçün ərizələrin verilmə müddəti bitir. Sonra MSK bir həftə ərzində daxil olan ərizələrə baxış keçirəcək və onlarla bağlı qərarlar qəbul edəcək”, - deyə M.Pənahov bildirib.
MSK sədri parlament seçkilərinin iştirakçılarının sayının kifayət qədər çox olduğunu qeyd edib.
“Bu gün hər deputat mandatına orta hesabla 6 namizəd iddia edir. Proqnozlara əsasən, hər deputat yerinə orta hesabla 10 nəfər iddia edəcək. Namizədlərin sayı nə qədər çox olarsa, seçicilərin seçimi də bir o qədər çoxdur”, - deyə o söyləyib.
Onun sözlərinə görə, ölkədə demokratik seçkilərin təminatı üçün ictimai-siyasi vəziyyət sabit olmalıdır.
“Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Azərbaycanlı seçicilər noyabrın 1-də Milli Məclisə seçkilər zamanı iradələrini azad şəkildə ifadə edə biləcəklər. Hamı əksəriyyətin rəyinə hörmətlə yanaşmalıdır. İndiyədək Azərbaycanda keçirilən seçkilər zamanı heç bir ciddi problemlər müşahidə olunmayıb”, - deyə M.Pənahov bildirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan arzu edən hər kəsi seçkiləri izləməyə dəvət edir. “Azərbaycanın 3 dövlət qurumu: MSK, Milli Məclis və Xarici İşlər Nazirliyi beynəlxalq müşahidəçiləri seçkilərin monitorinqini keçirməyə dəvət edir. Siyasi istiqamətlərindən asılı olmayaraq, bütün beynəlxalq strukturlar da Azərbaycanda seçkiləri izləyə bilərlər. Lakin bizim üçün Azərbaycan vətəndaşlarının seçkilərin nəticələrindın razı qalması daha önəmlidir”, - deyə MSK sədri əlavə edib.
R.Babayev