Azərbaycan rəhbərliyi açıq və demokratik seçkilərin keçirilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində əlindən gələni edir. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda bəyan edib.
“Azərbaycan hakimiyyəti ölkədə azad, şəffaf və demokratik seçkilərin keçirilməsini təmin etmək üçün əlindən gələni edir”, - deyə Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, müstəqillik dövründə Azərbaycanda 15-ə yaxın seçki keçirilib.
“İndiyədək Azərbaycanda 5 prezident seçkiləri keçirilib, növbəti parlament seçkiləri də sayca 5-ci olacaq. O cümlədən ölkədə bir neçə bələdiyyə seçkiləri və referendum keçirilib. Həmin seçkilərdə KİV iştirak edib, yəni aşkarlıq və siyasi plüralizm təmin edilib. Bu səbəbdən Azərbaycanda demokratik seçkilərin keçirildiyini söyləmək olar”, - deyə Ə.Həsənov vurğulayıb.
Prezidentin köməkçisi seçki prosesinin obyektiv, qərəzsiz işıqlandırılmasında KİV-in rolu barədə də söz açıb.
Ə.Həsənov seçki prosesinin işıqlandırılması zamanı KİV-in rolu və vəzifələrinə də toxunub.
“Müstəqil KİV-in əsas vəzifəsi seçkilər ərafəsində baş verən proseslərin qərəzsiz işıqlandırılması, namizədlərin təşviqat aparması üçün bərabər şəraitin yaradılmasıdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, bütün ölkələrdə hakimiyyətlər KİV-in fəaliyyətini nəzarət altında saxlamağa cəhd edirlər.
“Lakin bu nəzarəti elə həyata keçirmək lazımdır ki, KİV özünün azadlıq və obyektivliyini itirməsin. Azərbaycanda hakimiyyət KİV orqanlarının maddi və digər problemlərinin həllinə yardım etməklə dəstək göstərir. Ancaq heç kəs deyə bilməz ki, Azərbaycan hakimiyyəti media üzərində lokal nəzarət həyata keçirir”, - deyə Ə.Həsənov qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, ölkə rəhbərliyi tərəfdaş hesab etdiyi KİV-lə konstruktiv əməkdaşlığa can atır.
“Bu səbəbdən biz KİV-in seçkilərin keçirilməsi ilə əlaqədar bütün prosesləri obyektiv işıqlandırmasını, hakimiyyətə mövcud çatışmazlıqlar barədə məlumatları konstruktiv formada çatdırmağı istəyirik”, - deyə o bildirib.
R.Babayev