“CTC Holding” 2015-ci ilin sonuna kimi Sankt-Peterburqa pendir məhsullarının ixracına başlayacaq. Bu barədə Sankt-Peterburq hökumətinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı üzrə Komitəsinin sədri Elgiz Kaçayev məlumat verib.
“Sankt-Peterburq Azərbaycandan pendir idxalında çox maraqlıdır və cari ilin sonuna qədər “CTC Holding” şirkətinin bu tədarükə başlayacağına ümid edir”, - deyə o, cümə günü Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda bildirib.
Sədr qeyd edib ki, müəssisə artıq Rospotrebnadzor tərəfindən müvafiq icazə alıb.
“Bu şirkətin pendir məhsulları bizim çox xoşumuza gəldi. Ümid edirik ki, onlar öz məhsullarını Sankt-Peterburqa tədarük etməyə başlayacaqlar. Düşünürəm ki, bu, 1-2 aydan sonra mümkün olacaq”, - deyə o əlavə edib.
“CTC Holding” Azərbaycanda 2012-ci ildən etibarən fəaliyyət göstərir. Holdinq əsasən kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərir.
N.Abbasova