Prezident İlham Əliyev cümə günü sentyabr ayında Bakıda keçirilən polo idman növü üzrə birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvlərini qəbul edib.
“Ötən ay Bakıda polo idman növü üzrə birinci Avropa çempionatı keçirilib və yığmamız bütün rəqibləri geridə qoyaraq çempion adına layiq görüldü. Bu gözəl hadisə münasibəti ilə sizi, ilk növbədə idmançıları, məşqçiləri, idman ekspertlərini, Atçılıq Federasiyasının nümayəndələrini ürəkdən təbrik edirəm”, - deyə dövlət başçısı bildirib.
İ.Əliyev Atçılıq Federasiyasının təşəbbüsü ilə polo idman növü üzrə birinci Avropa çempionatının yüksək səviyyədə təşkil olunduğunu deyib.
“Komandamız öz gücünü nümayiş etdirdi. Bu, idmanda növbəti qələbəmizdir. Polo xalqımıza yaxın idman növüdür, milli idman növümüzə bənzəyir. İdmançılarımızın da kifayət qədər təcrübəsi var. Lakin əlbəttə ki, Avropa çempionatı nüfuzlu idman yarışıdır, burada çox güclü komandalar iştirak ediblər, gərgin mübarizə olub”, - deyə prezident vurğulayıb.
Dövlət başçısı müxtəlif beynəlxalq yarışlarda Azərbaycan idmançılarının layiqli çıxış etdiyini söyləyib.
“Bizim müxtəlif idman növlərində Avropa, dünya, Olimpiya çempionlarımız var. Bu idman növündə də Azərbaycan adını tarixə yazdı. Çünki ilk çempionat Bakıda keçirildi və Azərbaycan komandası ilk qalib oldu”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda atçılıq idman növünün inkişafına böyük diqqət ayrılır. Ölkədə mütəmadi olaraq çövkən üzrə Respublika birinciliyi təşkil olunur.
Dövlət başçısı onu da qeyd edib ki, ümumilikdə idman sahəsi Azərbaycanda prioritet istiqamətdir.
“2 ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək və Azərbaycan bir daha həm Avropa, həm İslam Oyunlarının keçirildiyi ilk ölkə olaraq adını tarixə yazacaq. Əminəm ki, bu, növbəti idman bayramına çevriləcək”, - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, hazırda növbəti İslam Həmrəylik Oyunlarına hazırlıq işləri aparılır və onların I Avropa Oyunları kimi böyük Olimpiya Oyunları səviyəsində keçiriləcəyinə əminlik ifadə edib.
“Azərbaycan dünyada özünü idman dövləti kimi tanıdıb və idmançılarımız bizi çox sevindirir”, - deyə o vurğulayıb.
R.Babayev