Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir və bu məqsədlə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir”, - deyə o, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasındakı çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Şərqlə Qərbin kəsişməsində yerləşən və bununla da hər iki sivilizasiyanın dəyərlərini qoruyub saxlayan Azərbaycan sivilizasiyalar arasında yalnız coğrafi körpü rolunu deyil, həmçinin mədəniyyətlərarası körpü rolunu da oynayır.
O qeyd edib ki, Azərbaycanda dini və mədəni müxtəliflik bu ölkəyə güc və üstünlük verir.
“Biz 2016-cı ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Yeddinci Qlobal Forumunun Bakı şəhərində keçirilməsini planlaşdırır və bu tədbirin real nəticələr verəcəyinə ümid edirik”, - deyə E.Məmmədyarov vurğulayıb.
F.İsazadə