Azərbaycan hökuməti ölkədə orta illik inflyasiyanı 3,3% səviyyəsində proqnozlaşdırır. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü parlament komitələri tərəfindən 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
“Dünya Bankının proqnozlarına əsasən, 2016-cı ildə dünyada əsas ərzaq bazarlarında qiymətlərin ciddi artımı gözlənilmir. Bizdə olan məlumata əsaslanaraq deyə bilərik ki, 2016-cı ildə Azərbaycanı ciddi xarici qiymət şokları gözləmir. Bunun əsasında gələn il üçün inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, ölkənin tədiyə balansının müsbət saldosu gələcəkdə də qorunub saxlanılacaq.
“2016-cı ildə xarici ticarət balansının müsbət saldosu $7,6 mlrd., cari əməliyyatlar hesabının müsbət saldosu $1,9 mlrd. səviyyəsində gözlənilir”, - deyə S.Həsənova vurğulayıb.
Nazir müavini qeyd edib ki, 2016-cı ildə ÜDM-in artımı 1,8% səviyyəsində proqnozlaşdırılır.
“Müqayisə üçün deyim ki, Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycanda iqtisadi artımı 2,8%, “Standard & Poor’s” -2,5%, Asiya İnkişaf Bankı - 2,8% səviyyəsində proqnozlaşdırır”, - deyə o əlavə edib.
A.Axundov