Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 mlrd.-ı ötür. Bu barədə cümə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədr müavini Xaqani Abdullayev məlumat verib.
“Avqustda qonşu ölkələrdə devalvasiya nəticəsində manata müəyyən təzyiq müşahidə olundu, buna görə dollarlaşmanın bir qədər artımı baş verdi. Sentyabrın ortalarından etibarən valyuta bazarı tarazlaşdı. AMB valyuta satmır, bu proses dayandırılıb. Hazırda ehtiyatlar $7 mlrd.-dan bir qədər çoxdur”, - deyə X.Abdullayev bildirib.
O qeyd edib ki, AMB iqtisadiyyatın dollarlaşdırılması üçün əsas görmür.
Xəbər verildiyi kimi, 2015-ci ilin avqust ayında ABŞ dollarına tələbatda artım müşahidə olunurdu. Nəticədə, avqustda AMB-nin valyuta ehtiyatları iyul ayı ilə müqayisədə $1 mlrd. 186,1 mln. və ya 13,9% azalıb.
A.Axundov