ABŞ-ın ticarət missiyası 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcək. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutaya istinadən məlumat verir.
Cümə günü iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin R.Sekuta ilə görüşü zamanı iki ölkə arasında iqtisadi əlaqələrin cari vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə olunub.
Həmçinin tərəflər ABŞ-ın ticarət nazirinin dəvəti ilə Ş.Mustafayevin ABŞ-a səfərini müzakirə ediblər.
Diplomat ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycana yeni təyin olunmuş direktoru Mikaela Meredisi nazirə təqdim edib, ölkələr arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb.
Öz növbəsində Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq enerji, sənaye, İKT, təhsil və digər sahələr də daxil olmaqla, müxtəlif sahələrdə inkişaf edir.
O, həmçinin kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT, neft-kimyası sahələrinə investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb.
Bundan başqa, Ş.Mustafayev məlumat verib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihə həyata keçirilib.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edərək, bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
N.Abbasova