Azərbaycanlı alimlər Yunanıstanın Qrit adasında yerləşən Kolumbari şəhərində “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
Konfransın proqramı fotosintez tədqiqatlarının molekulyar səviyyədən qlobal problemlərədək bütün istiqamətlərini əhatə edib. Tədbir Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyət və Qrit Ortodox Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə fotosintez prosesinin müxtəlif aspektlərini əhatə edən11 seksiya üzrə çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb.
Beynəlxalq konfransda akademik Cəlal Əliyev və onun tələbələri, akademik İradə Hüseynova, biologiya üzrə elmlər doktorları Yaşar Feyziyev, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov və Tofiq Allahverdiyevin birgə elmi məruzələri dinlənilib.
A.Zeydullayeva