Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin ali məktəbin tələbələri ilə görüşü təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Ali məktəbin rektoru Elmar Qasımov tələbələrin dünyagörüşünün və bədii ədəbiyyata olan maraqlarının artırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, Azərbaycanın dünya şöhrətli, görkəmli yazıçısını daha yaxından tanımaq və onları maraqlandıran suallara cavab tapmaq məqsədi İlə keçirilən görüşün əhəmiyyətli olduğunu vurğulayıb.
Ç.Abdullayev bu cür səmərəli görüşün təşkil edilməsinə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildirib. O, tələbələrlə səmimi ünsiyyət quraraq onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Bundan başqa, yazıçı tələbələrə öz tövsiyələrini verib və onların maraqlı suallarını cavablandırıb.
Ç.Abdullayev gənc oxucularına kitablarını imzalatdırmaq imkanı yaradıb.
Sonda yazıçı BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.
A.Zeydullayeva