Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Fransa səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
P.Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən İ.Əliyev onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın yüksək səviyyəyə qalxdığını deyib.
İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan prezident əlaqələrin geniş sahələri əhatə etməsindən və əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə edib.
Öz növbəsində P.Mönye gələcək fəaliyyəti dövründə də Azərbaycan-Fransa əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Səfir prezident İ.Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi sayəsində Bakı ilə Paris arasında əlaqələrin daha da gücləndirildiyini vurğulayıb.
F.İsazadə