2016-cı ilə qədər Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi ilə əlaqədar normativ sənədlərin əksəriyyəti qəbul olunmalıdır. Bu barədə DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojina çərşənbə axşamı qanunun təqdimatında çıxışı zamanı bildirib.
“O cümlədən bazar iştirakçılarını qanunla bağlı dəyişikliklər barədə tam məlumatlandırmaq vacibdir”, - deyə A.Priqojina bildirib.
O, həmçinin bazar iştirakçılarını yeni şəraitə uyğunlaşmanı sürətləndirməyə çağırıb.
Bazarın inkişafı üçün şərtlər barədə söz açan əlaqələndirici vurğulayıb ki, iqtisadiyyatda özəl sektorun payı hələ də yüksək deyil. Onun fikrincə, bazarda dövlətdən yüksək səviyyədə asılılıq, maliyyəyə çıxışın məhdudluğu, kifayət qədər inkişaf etməyən maliyyə infrastrukturu, zəif maliyyə savadı qalmaqdadır.
2015-ci ilin iyul ayında Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” qanun qüvvəyə minib.
Qanuna əsasən, Azərbaycanda broker və diler şirkətlərinin fəaliyyəti vahid şəklə salınacaq. Onlar yalnız investisiya şirkətlərinin fəaliyyəti üçün lisenziya alacaqlar. İnvestisiya şirkətlərinin fəaliyyəti üçün lisenziyada bu lisenziyanın sahibinin göstərə biləcəyi əsas və yardımçı xidmətlər qeyd ediləcək.
İndiyədək broker və diler fəaliyyətinə lisenziyalar 5 il müddətinə verilirdi. Qanunda isə investisiya şirkətlərinin fəaliyyət lisenziyasının müddətsiz olacağı nəzərdə tutulur.
Bu qanun qüvvəyə minənə qədər qiymətli kağızlar bazarında peşəkar fəaliyyət üçün lisenziya alan şirkətlər 1 yanvar 2016-cı il tarixinədək fəaliyyətlərini yeni qanunun tələblərinə uyğun vəziyyətə gətirməlidirlər.
A.Axundov