Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rus dili və ədəbiyyatı müəllimləri, rus dilində tədris edən fənn müəllimləri, məktəb direktorları, elmi müəssisələrin nümayəndələri Müəllimlər Gününü qeyd ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Təhsil Nazirliyinin nümayəndəsi Natiq Əliyev müəllimləri təbrik edib. V.Denisov çıxışında Azərbaycan məktəblərinin direktorları və müəllimlərinə rus dilinin qorunması istiqamətində gördükləri böyük işə görə minnətdarlığını bildirib.
“Biz Azərbaycan rəhbərliyi tərəfindən rus dilinin daim dəstəkləndiyini hiss edirik”, - deyə o vurğulayıb.
Həmin gün bir çox müəllimə “Rossotrudniçestvo”nun “Rus dilinin xaricdə populyarlaşdırılmasına mühüm töhfəyə görə” diplomları və nümayəndəliyin minnətdarlıq məktubları təqdim edilib. Bütün qonaqlara rus klassiklərinin kitabları hədiyyə edilib.
Sonra bayram konserti olub.
A.Zeydullayeva