Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) IV İslam Həmrəyliyi Oyunlarının idman obyektlərini rabitə və internetlə təmin etmək üçün qərargah yaradıb. Bu barədə nazirlikdən məlumat verilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Oyunların keçiriləcəyi stadion, arena, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə qərargahın yaradılmasına dair əmr imzalayıb.
Qərargaha rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov rəhbərlik edəcək.
Qərargahın tərkibinə “Aztelekom” MMC, “Bakı telefon şəbəkəsi” İB, “Azteleradio” İB, “Azərpoçt” MMC, “Azərkosmos” ASC, “AzİnTelekom” MMC, Elektron Təhlükəsizlik Mərkəzi, RYTN-in digər struktur bölmələri və şöbələrinin, həmçinin “Azercell”, “Bakcell”, “Azerfon”, “Delta Telecom” və “Ultel” şirkətlərinin rəhbərləri daxildir.
Qərargaha Oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlərin görülməsi, eləcə də aşağıdakı tədbirlərin həyata keçirilməsi tapşırılıb: Oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılması,işlərin gedişatı barədə operativ və mütəmadi məlumatların hazırlanaraq nazirə məruzə edilməsi, texniki təkliflərin hazırlanması, məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə birlik və müəssisələrdən mütəxəssis və əlavə ekspertlər cəlb edilməsinin təminatı.
IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin may ayında keçiriləcək.
N.Abbasova