“Azərbaycan İnvestisiya Şirkəti” ASC qeyri-neft sənayesi sahəsinə aid layihələrlə bağlı təkliflərin qəbulunu elan edib. Bu barədə ASC-nin məlumatında deyilir.
Layihələr Neftçala rayonundakı sənaye məhəlləsinin ərazisində həyata keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev 2 fevral 2015-ci il tarixində Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması haqqında fərman imzalayıb. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilir.
Həmin sənaye məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə qeyri-neft sənaye məhsullarının istehsalı və emalı üzrə müəssisələr yaradılacaq.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
A.Axundov