Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik maddə və saxta pul satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü nazirlikdən məlumat verilib.
Zəngilan Rayon Polis Şöbəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini Elşən Ağalı tutulub. Onun Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqram olan narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də $22 min məbləğində saxta ABŞ dolları aşkar edilərək götürülüb. Dindirmə zamanı E.Ağalı narkotik vasitələri satış məqsədi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə Hüseynağa Əsgərov və Tural Səfərov tərəfindən verildiyini bildirib. Keçirilmiş daha bir əməliyyat tədbiri ilə şübhəli şəxslər tutulublar.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 204 (Saxtapul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma), 206 (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi açılıb.
D.Həmidov