Çərşənbə günü Gürcüstanın xarici işlər və müdafiə nazirləri Georgi Kvirikaşvili və Tina Xidaşeli Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcəklər.
Brüsselə yola düşməzdən öncə T.Xidaşeli jurnalistlərə bəyan edib ki, keçiriləcək görüşdə Gürcüstan və NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
“NATO-nun Varşava sammitində NATO-ya üzvlük üzrə Fəaliyyət Proqramından daha artıq nəticələrin əldə olunmasına ümid edirik. Düşünürəm ki, biz buna (NATO-ya daxil olmağa - İF) hazırıq”, - deyə o bildirib.
ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Uolkerin “Varşavada keçiriləcək sammitdə Gürcüstan NATO-ya üzvlük üzrə Fəaliyyət Proqramına qoşulmağı gözləməməlidir” bəyanatını şərh edən müdafiə naziri deyib: “Kurt Uolker Gürcüstanın yaxın dostudur və mən onun sözləri ilə razıyam. Lakin təkrar edim ki, biz qarşımıza NATO-ya üzvlük üzrə Fəaliyyət Proqramını əldə etməkdən daha artıq məqsəd qoymuşuq”.