Azərbaycan və Panama nəqliyyat sektorunda effektiv əməkdaşlıq edə bilər. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə vitse-prezidenti Fransisko Migez ilə görüşü zamanı bəyan edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasında nəqliyyat sektorunun prioritet sahələrdən biri olduğunu qeyd edib. O, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət limanı, quru nəqliyyat yollarının çəkilişi, yük gəmiləri donanması və hava daşımaları imkanlarının artırılması, inteqrasiya edilmiş nəqliyyat modulu və nəticə etibarilə, Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsi haqqında məlumat verib.
F.Migez Azərbaycan XİN başçısına Panama kanalının fəaliyyəti, əməliyyat imkanları haqqında ətraflı məlumat verib. Panama kanalının gələcək inkişafı, ötürücülük qabiliyyətinin artırılması, kanaldan keçid edən gəmilər və onların şəxsi heyəti üçün maddi-texniki təminat və xidmət imkanlarının yaradılması planları haqqında danışıb.
O vurğulayıb ki, Azərbaycan şirkətləri və sərmayəçiləri də bu layihələrdə iştirak edə bilərlər.
Görüşdə neft məhsullarının daşınması məsələləri müzakirə edilib.
F.İsazadə