Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupuhesab edir ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşkilatın insan hüquqları məsələləri üzrə işçi qrupunun tərkibindən çıxması barədə qəbul etdiyi qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.
«İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!”, - deyə baş katibin qərarına cavab olaraq insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun qəbul etdiyi bəyanatda deyilir.
Sənədin müəllifləri qeyd edirlər ki, qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilib, 1 nəfərin cəza müddəti azaldılıb. Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.
“Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu 2005-ci ildə yaradılıb. 2008-ci ildə qrupun fəaliyyəti dayandırılıb. 2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın xahişi ilə prezident İlham Əliyev birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasına dair qərar qəbul edib.
İşçi qrupunun fəaliyyəti dövründə 170-ə yaxın məhkum azad edilib.
R.Babayev