Ombudsman Aparatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası insan hüquqları ilə bağlı növbəti təlimi Gəncədə keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
"Bu tədbirlərdə əsas məqsəd Azərbaycanda həyata keçirilmiş insan hüquq və azadlıqları ilə bağlı islahatlar barəsində cəmiyyət və beynəlxalq təşkilatlara geniş məlumat vermək, BMT qurumları barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir", – deyə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları haqqında qəbul edilmiş Milli Fəaliyyət proqramları və BMT mexanizmləri ilə əməkdaşlıq perspektivləri, bu sahədə QHT-lərin rolu haqqında ətraflı məlumat verilib. İştirakçılar BMT-nin strukturları, insan hüquqlarının monitorinq texnologiyaları və mərhələləri barədə məlumatlandırıb” – deyə o qeyd edib.
Dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün nəzərdə tutulan təlimdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə koordinatoru Vladimir Şkolnikov da iştirak edib.
F.Mehdiyev