Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
Nazir respublikanın sənaye potensialının genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.
"Təkcə 2015-ci ilin 9 ayı ərzində 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib, 10 elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur", - deyə o bildirib.
Ş.Mustafayevin sözlərinə görə, son 12 ildə 1 mln.-u daimi olmaqla, 1 mln. 400 mindən çox iş yeri açılıb, ötən ilin yekunlarına əsasən Azərbaycanda işsizlik 4,9%, yoxsulluq 5% səviyyəsində olub", - deyə nazir vurğulayıb.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
2015-ci ildə parkın ərazisində daxili və xarici infrastrukturun yaradılması prosesi başa çatacaq.
A.Əzizov