2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 71,8 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-avqust aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 73,2 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-avqust aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,9% azalıb.
Bununla yanaşı, cari ilin avqust ayında AIF-in agent bankları 6,6 mln. manat məbləğində ipoteka krediti veriblər.
AMB-nin məlumatına görə, yanvar-avqust aylarında AİF-in agent bankları 58,7 mln. manat (azalma 25,2%) məbləğində krediti yenidən maliyyələşdirib.
Hesabat dövründə AİF sosial ipotekanı maliyyələşdirmək üçün dövlət büdcəsindən 29,2 mln. manat məbləğində vəsait alıb, öz istiqrazlarının yerləşdirilməsi hesabına isə 36 mln. manat vəsait cəlb edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
2014-cü ildə AİF-in agent bankları 97,1 mln. manat məbləğində kredit veriblər, bu isə 2013-cü ilin göstəricisindən 14% azdır.
A.Əzizov